PSİXOLOJİ KONSULTASİYALAR

Əksər hallarda 60-75 dəqiqə davam edən görüşlərdən ibarətdir.

Konsultasiyalar müəyyən bir situasiyanın həllinə yönəlmiş qısamüddətli fəaliyyət formasıdır.

Psixoloji konsultasiyaların strukturu tək sessiya terapiyası (TST) konseptinə əsaslanır.

TST psixoloq və kliyentin məqsədyönlü əməkdaşlıq prosesidir. Bu prosesdə hər iki tərəf kliyentin problemini bir görüş içində həll etmək üçün səy göstərir.

Qeyd etmək lazımdır ki, ehtiyac olduğu halda əlavə görüşlərin keçirilməsi mümkündür.

TƏŞVİŞİN PSİXOTERAPİYASI

Şəxsin tez-tez narahatlıq və həyəcan yaşamasında özünü büruzə verən psixoloji özəlliyi təşviş adlanır.

Təşvişlə mübarizədə ən effektiv yanaşmalardan biri koqnitiv-davranış terapiyasıdır (Cognitive Behavioral Therapy – CBT).

Bizi narahat edən üzləşdiyimiz situasiyalar deyil. Bizi narahat edən bu situasiyalar haqqında düşündüklərimizdir, yəni onların interpretasiyası. Buna görə, CBT-in əsas məqsədi şəxsə bu «təşvişli» düşüncələrini analiz etməyi və onları dəyişməyi öyrətməkdir. Bu dəyişim, öz növbəsində, emosional vəziyyətin yaxşılaşmasına təsir göstərir.

Adətən dayanıqlı müsbət nəticə əldə etmək üçün 4-10 görüş tələb olunur.

DEPRESSİYANIN PSİXOTERAPİYASI

Depressiya aşağı əhval-ruhiyyə, zövq verən fəaliyyətlərə qarşı marağın itməsi və halsızlıq hissi ilə xarakterizə olunan psixi pozuntudur.

Tədqiqatlar depressiya ilə mübarizədə CBT-in effektiv olduğunu göstərir. CBT həm müstəqil, həm də farmakoterapiya ilə birlikdə istifadə edilə bilər.

CBT depressiyadan əziyyət çəkən şəxsə neqativ düşüncə və inanclarını daha adekvat və pozitiv yönə dəyişməsinə kömək edir. CBT-in köməyi ilə vəziyyətin yaxşılaşmasına səbəb olan davranış dəyişiklikləri də mümkün olur.

Nəticədə, CBT bir neçə seansda insana depressiyanın "qısır dairəsindən" çıxmağa kömək edir.

QİDA QƏBULU POZUNTULARININ PSİXOTERAPİYASI

Qida qəbulu pozuntuları psixoloji səbəblərdən qaynaqlanan qidalanma problemləri ilə xarakterizə olunur. Bu pozuntulara anoreksiya nervoza, bulimiya nervoza, psixogen çoxyemə və s. aiddir.

Pəhriz, marafonlar və qidalanma rejimi çox vaxt vəziyyəti ağırlaşdırır. Dayanıqlı və müsbət nəticə almaq üçün psixoterapiya tövsiyə olunur, xüsusilə CBT.

CBT metodları xarici görünüş, çəki və bədən forması ilə bağlı disfunsksional inancların dəyişməsini təmin edir. Bundan əlavə, CBT qida qəbulu ilə bağlı müsbət davranışlar formalaşdırır.

CBT qısa zaman içərisində effektiv nəticə almağa kömək edir.

TƏLİMLƏR VƏ SEMİNARLAR

Həm psixi sağlamlıq sahəsində çalışan mütəxəssislər, həm də psixologiya ilə maraqlanan insanlar üçün faydalı ola bilər.

Korporativ təlimlər də mümkündür.

Təlimlər və seminarlar ilkin psixoloji yardım, psixoloji konsultasiyaların keçirilməsi, ümumi psixologiyaya aid fundamental biliklər, motivasiya, emosiyalar və onların idarə edilməsi, ünsiyyət bacarıqları, konfliktlər və s. mövzulara aid keçirilə bilər.