CBT nədir?
Müasir dünyada psixoloqların və psixoterapevtlərin işlədiyi bir çox yanaşma var. Əgər 20-ci əsrdə psixoterapiya daha çox psixoanalizlə əlaqələndirilirdisə, indi mütəxəssislər müxtəlif istiqamətlərdə işləyirlər. Onların arasında geştalt terapiya, EMDR, narrativ yanaşma, ekzistensial psixoterapiya və s. kimi yanaşma və metodları qeyd etmək olar.
Ancaq psixoterapevtik yanaşmaların müxtəlifliyinə baxmayaraq, dövrümüzün ən effektiv psixoterapevtik yanaşması koqnitiv-davranış terapiyasıdır.
Koqnitiv-davranış terapiyası (Cognitive Behavioral Therapy - CBT) psixoloji problemlərin əksəriyyətinin qeyri-funksional düşüncə və inanclardan qaynaqlandığı fikrinə əsaslanır. Bu düşüncə və inanclar isə öz növbəsində insanın duyğularına və davranışlarına təsir edir. Buna görə də, CBT düşüncə və inanclarla işləməyi əsas götürür.
Tədqiqatlar göstərir ki, CBT depressiya, bipolyar pozuntu, obsessiv-kompulsiv pozuntu, generalizə olunmuş təşviş pozuntusu, qida qəbulu pozuntuları və digər psixi pozuntular zamanı effektivdir (Hofmann et al., 2012). Onu da qeyd etmək lazımdır ki, CBT müxtəlif yaş, cinsi oriyentasiya, sosial təbəqə və digər qruplara aid olan insanlarla işləyərkən müsbət nəticələr göstərir.
Bundan əlavə, CBT stres, aqressivlik (Mclntyre və digərləri, 2019), yuxu problemləri (Van der Zweerde et al., 2019), münasibət çətinlikləri (Fischer, Baucom, & Cohen, 2016) kimi psixoloji vəziyyətlərdə də kömək edir. Əlavə olaraq, CBT nəinki simptomları azaldır, həm də insanın həyat keyfiyyətini (Fordham və digərləri, 2021) və onun digər şəxslərlə münasibətlərini də yaxşılaşdırır (Williams, Ferrito, & Tapp, 2014).
CBT zamanı psixoloq və dəstək alan şəxs əməkdaşlıq münasibəti qurur. Onlar birlikdə terapiyanın məqsədlərini təyin edir və şəxsin probleminin həllini axtarırlar. CBT zamanı psixoloq dəstək alan şəxsə sanki öz terapevti olmağı öyrədir. Bunun sayəsində şəxs psixoloqa getməyi dayandırdıqdan sonra da özünə kömək etməyə davam edir.
CBT problemi mümkün qədər tez həll etməyi hədəfləyir. Buna görə də adətən 4-10 görüş kifayət edir.