Psixoloqa müraciət etməli olduğumu necə anlayım?

Bir çox insanı “Psixoloqa müraciət etməli olduğumu necə anlayım?” sualı maraqlandırır.

Bu sualın dəqiq cavabı yoxdur. Psixoloqa müxtəlif səbəblərdən müraciət etmək olar. Onların arasında aşağıdakı halları qeyd edə bilərik:

— Hər şeyə qarşı marağınız itib. Hər hansı bir fəaliyyətlə məşğul olmağa nə gücünüz var, nə də həvəsiniz.

— Əsəbi və aqressiv olmusunuz. Ətrafınızda olan hər şey sizi qıcıqlandırır, özünüzü saxlaya bilmirsiniz.

— Özünüzdə səhhətinizlə bağlı olmayan yuxu və/və ya qidalanma problemləri müşahidə edirsiniz.

— Əhvalınız tez-tez dəyişir. Gah özünüzü əla hiss edirsiniz, gah da çox kədərlənirsiniz. Əhvalınızın dəyişməsi xarici amillərdən asılı deyil.

— Ağlınıza daima neqativ fikirlər gəlir. Hadisələrin faciəvi sonluğunu düşünürsünüz, beyninizdə neqativ ssenarilər qurub buna görə narahat olursunuz.

— Yaxınlarınızla münasibətlərdə və/və ya ailənizdə problemlər yaşayırsınız.

— Özünüzə qarşı pis davranırsınız, hətta bəzən özünüzə nifrət edirsiniz. Bəzən özünüzə zərər vermək haqqında düşünürsünüz.

— Özünüzü zəif, çirkin, bacarıqsız hesab edirsiniz. Ətrafınızdakı bütün insanların sizdən daha üstün olduğunu düşünürsünüz.

— Qərar verməkdə çətinlik çəkirsiniz. Həyatdan nə istədiyinizi bilmirsiniz. Məsuliyyəti üzərinizə götürüb hər hansı bir dəyişikliyə qərar verməkdən qorxursunuz.

— İşdə və ya məktəbdə/universitetdə çətinliklər yaşayırsınız. İşlərinizi planlamaq, diqqətinizi cəmləmək və hər şeyi vaxtında çatdırmaq sizin üçün çətindir.

Bu, psixoloqa müraciət edə biləcəyiniz halların tam olmayan siyahısıdır. Amma bu o demək deyil ki, yuxarıdakı siyahıda qeyd edilən istənilən əlaməti müşahidə edirsinizsə, mütləq psixoloqa müraciət etməlisiniz.

Çox vaxt insanların təkbaşına problemlərin öhdəsindən gəlmək üçün kifayət qədər gücü var. Buna görə, psixoloqa müraciətin əsas meyarı həyat keyfiyyətinin pisləşməsidir. Əgər hiss edirsiniz ki, problemin öhdəsindən təkbaşına gələ bilmirsiniz və bu problem həyatınıza mənfi təsir göstərməyə başlayır, o zaman psixoloqa müraciət etməyiniz tövsiyə olunur.

Bunu da unutmayın ki, psixoloqlar fərqli olur, yəni müxtəlif növ problemlərlə işləyir. Buna görə də, psixoloqa müraciət etməmişdən əvvəl, onun sizi narahat edən problemlə işləyib-işləmədiyi haqqında məlumat alın.