Psixoloqu necə seçməliyik ?
Psixoloqu seçərkən bir neçə məqama diqqət yetirmək lazımdır.
1. Təhsil.
Psixologiya elmdir, və bu elm ali təhsil müəssisələrində tədris olunur. Psixoloq olmaq üçün kurs və təlimlər kifayət deyil. Buna görə, psixoloq seçərkən onun ali təhsil və ya ixtisasartırma diplomu olmasına diqqət yetirin. Əsas odur ki, bu diplomlar fəaliyyəti dövlət tərəfindən tanınan təhsil müəssisələrindən alınmış olsun. Təhsil müddətinə və ya diplomda göstərilən saatların sayına da diqqət yetirmək vacibdir. Çünki keyfiyyətli fundamental təhsil 10-20 və hətta 200-300 saat ərzində əldə edilə bilməz. Bu çox azdır.
Əgər psixoloq psixoterapevt olduğunu iddia edirsə, onun psixoterapiya sahəsində müvafiq sertifikat sahibi olub-olmamasını soruşmaq lazımdır. Psixoterapevt olmaq üçün əsas psixoloji təhsillə yanaşı, psixoterapevtik institutda təhsil almaq lazımdır. Bu cür təhsil bir sıra mərhələdən ibarət olur və bir neçə il davam edir. Təhsili bitirdikdə institut tərəfindən rəsmi sertifikat verilir. Özünü psixoterapevt adlandırmaq üçün bir neçə qısamüddətli təlim keçmək kifayət etmir.
2. Psixoloqun fəaliyyətində əsas götürdüyü yanaşma.
Psixoloji dəstək üçün psixoloqa müraciət edərkən onun hansı yanaşmada işlədiyini və hansı metodlardan istifadə etdiyini soruşmaq lazımdır.
Məsələ burasındadır ki, hazırda elmi təsdiqi olmayan bir çox guya psixoterapevtik yanaşma mövcuddur. Onların arasında NLP, Theta Healing, Access Bars və s. kimi yanaşmaları qeyd etmək olar.
Psixoloq sizə fəaliyyətində əsas götürdüyü yanaşma haqqında məlumat verdikdən sonra bu yanaşma haqqında internetdə oxuyun və yanaşmanın elmi yoxsa qeyri-elmi olduğunu yoxlayın. Bundan əlavə, probleminizi həll etmək üçün bu yanaşmanın nə qədər effektiv olduğu haqqında da öyrənə bilərsiniz.
Psixoloji konsultasiya aparmaq üçün psixoterapevtik institutda təhsil almaq mütləq deyil. Mütəxəssis özünü psixoloq-konsultant kimi təqdim edərsə, metodlarını istifadə etdiyi bir və ya bir neçə psixoterapevtik yanaşma sadalaya bilər. Əlavə olaraq, psixoterapevtik institutdan sertifikatın olmasına ehtiyac yoxdur.
Əgər psixoloq özünü psixoterapevt adlandırırsa, çox güman ki, onun konkret psixoterapevtik yanaşmaya aid dərin bilikləri vardır. Əksər hallarda psixoloq həmin psixoterapiya növünün metodlarından istifadə edir, və onun bu sahədə bilik və bacarıqlarını təsdiq edən sənədi (yəni psixoterapevtik institutun sertifikatı) vardır.
3. Şəxsi terapiya və superviziya.
Əgər psixoloq psixoloji konsultasiyalar və/və ya psixoterapevtik seanslar keçirirsə, onun şəxsi terapiya və superviziya alması mütləqdir.
Bir çoxları üçün qəribə səslənsə də, psixoloqa doğurdan da psixoloq lazımdır.
Başqalarının problemlərinin həllinə keyfiyyətli dəstək göstərmək üçün ilk növbədə psixoloqun öz problemlərinin fərqinə varması və onları həll etmə cəhdləri etməsi vacibdir. Əks halda psixoloqun şəxsi problemləri iş prosesinə mane olacaq. Psixoloq öz düşüncə və hisslərini digər şəxsə aşılayacaq, ona dəstək olaraq öz problemlərini həll etməyə çalışacaq. Ona görə də psixoloqun şəxsi terapiya keçməsi vacibdir.
Bundan əlavə, superviziya da vacibdir. Superviziya psixoloqun fəaliyyət zamanı qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün göstərilən peşəkar dəstəkdir. Supervizor roluna adətən daha təcrübəli mütəxəssislər seçilir.
4. Psixoloqun şəxsi keyfiyyətləri və dəyərləri.
Təhsil, tətbiq edilən metodlar, şəxsi terapiya və superviziya, əlbəttə ki, çox vacibdir. Ancaq psixoloji iş zamanı uğurlu nəticə əldə etmək üçün psixoterapevtik alyans da vacibdir, yəni psixoloq və dəstək alan şəxs arasında yaranan əməkdaşlıq münasibəti.
Yuxarıda qeyd edilən məqamlar sizin və psixoloqun arasında bu alyansın yaranmasına zəmanət vermir. Bu prosesə daha çox psixoloqun şəxsi keyfiyyətləri və onların sizə uyğun olub-olmaması təsir edir.
Ümumiyyətlə, psixoloqun şəxsi keyfiyyətləri və dəyərləri iş prosesinə təsir etməməlidir. Amma dəstək alan şəxsin psixoloqun yanında özünü rahat və təhlükəsizlikdə hiss etməsi vacibdir. Ona görə də psixoloqu sosial şəbəkələrdən izləyə, onun hansı ideyaları təbliğ etdiyinə və hansı dəyərləri paylaşdığına nəzər yetirə bilərsiz. Bu, psixoloqun sizə uyğunluğunu və onun yanında özünüzü nə dərəcədə sərbəst hiss edəcəyinizi təxmin etmək üçün faydalı ola bilər.