Psixoloqla psixiatrın fərqi nədir?

Çox vaxt insanlar psixoloqla psixiatrı səhv salır, psixoloq və klinik psixoloq, habelə psixoloq-konsultant və psixoterapevt arasındakı fərqi bilmir.

Gəlin bunları aydınlaşdıraq!

Psixoloq peşədir. Psixologiya üzrə ali təhsili olan şəxsə psixoloq deyilir. Psixoloq həm elmi tədqiqatlarla, həm də konsultasiya ilə məşğul ola bilər; həm məktəbdə, həm də klinikada işləyə bilər. Psixoloqun bir sıra fəaliyyət növü və sahəsi vardır.

Klinik psixoloq psixi prosesləri onların müxtəlif xəstəliklər və pozuntularla əlaqə prizmasından öyrənən psixoloqdur. Klinik psixoloq təhsilini universitetdə və ya bir neçə ay/il davam edən kvalifikasiya artırma kurslarında almaq olar. Klinik psixoloq depressiya, təşviş pozuntusu, bipolyar pozuntu və s. kimi hallarda kömək edə bilər. Bundan əlavə, klinik psixoloq xərçəngdən əziyyət çəkən və ya insult keçirən insanlarla da işləyə bilər. Bu, onun ixtisaslaşdığı sahədən asılıdır. Bəli-bəli, klinik psixoloqlar da fərqli olur! Neyropsixoloqlar, patopsixoloqlar, onkopsixoloqlar və s. Bu, klinik psixoloqun kimlə işləməsindən və hansı sahəni daha yaxşı bilməsindən asılıdır.

Bundan əlavə, klinik psixoloq tədqiqat, psixodiaqnostika, konsultasiya və/və ya psixoterapiya və s. fəaliyyətlərlə məşğul ola bilər.

Psixoloq-konsultant konsultasiya ilə məşğul olan, yəni insanlara problemlərini həll etməyə kömək edən psixoloqdur. Psixoloji konsultasiya xüsusi ixtisas deyil, fəaliyyət növüdür. Bu fəaliyyət növü ilə müxtəlif psixoloqlar məşğul ola bilər: həm klinik psixoloq (məsələn, təşviş pozuntusu ilə bağlı dəstək), həm inkişaf psixoloqu (məsələn, uşaq-valideyn münasibətində dəstək) və s. Konsultantlar fəaliyyət zamanı psixoterapevtik texnikalardan istifadə edir. Amma bu onlara özlərini psixoterapevt adlandırmaq hüququ vermir.

Psixoterapevt termininin tərifi qanunla tənzimlənir. Amma, ümumiyyətlə, psixoterapevt psixoterapiya üzrə əlavə təhsil almış psixoloq və ya psixiatrdır (Geştalt, CBT, EMDR və s.). Psixoterapevt olmaq üçün müvafiq psixoterapevtik institutda təhsil almaq vacibdir. Adətən psixoterapiya sahəsində təhsil bir neçə il davam edir. Təhsilin sonunda mütəxəssis psixoterapiyaya yeyələndiyini təsdiq edən sənəd alır.

Psixoterapevtlər konsultantlardan daha ciddi problemlərlə işləyir. Məsələn, siz yeni iş yerinizə adaptasiya olmaqda çətinlik çəkirsinizsə konsultanta müraciət edə bilərsiz. Amma əgər siz uşaqlıqda sizə göstərilən şiddəti hələ də unuda bilmirsinizsə və bu sizin həyatınıza təsir göstərirsə, o zaman psixoterapevtə müraciət etməlisiniz.

Psixiatr həkimdir. Psixiatrın tibbi təhsili var, ona görə də o və yalnız o sizə dərman (antidepressantlar, antipsikotiklər və s.) təyin edə bilər.

Adətən insanlar «psixiatr» sözündən qorxurlar, ona görə də nevropatoloqa müraciət etməyə üstünlük verirlər. Lakin psixi pozuntuları yalnız psixiatr diaqnostika və müalicə edə bilər.

Mürəkkəb hallar üçün ideal ssenari dərman müalicəsi ilə məşğul olan psixiatrın və psixoterapiya tətbiq edən psixoloqun (adətən klinik psixoloq) birgə fəaliyyətidir. Psixiatrın özü də müvafiq təhsil aldıqda psixoterapiya ilə məşğul ola bilər.